“Açıq Platforma” layihəsinin məqsədi azərbaycanlı qadınların hekayələrini çatdırmaq, onların gündəlik həyatında yaşadığı çətinlikləri, mübarizələrini insanlara vizual şəkildə göstərməkdir. Platformada bu hekayələr ekspertlərlə söhbət, vətəndaşların fikirləri, reportajlar, müsahibələr, sinematik çəkilişlər və küçə sorğuları vasitəsilə izləyicilərə çatdırılacaq. Məqsədimiz qadınların gündəlik yaşayışını əks etdirmək, köməyə ehtiyacı olan qadınlar üçün ianə toplamaq, gələcəkdə isə psixoloji və hüquqi yardım göstərməkdən ibarətdir.
“Açıq Platforma” adından da göründüyü kimi hər kəsin öz hekayəsini paylaşmaq üçün açıq bir məkandır. Biz bu hekayələr vasitəsilə qadınlara əlavə gender rolları yükləmək, qadınlara “güclü olmaq” məcburiyyətində olduqlarını təlqin etmək niyyətində deyilik. Hər bir qadın bu hekayələrdə özlərini tapa və yalnız olmadığını hiss edə, bu da onlar üçün ilham mənbəyi ola bilər.
Layihə çərçivəsində “Danışılmayan hekayələr” rubrikası vasitəsilə fərdlərin hekayələrini çatdırmaq istəyirik. “Açıq Söhbət” vasitəsilə ekspertlərin fərqli mövzularda rəyini ötürmək, eləcə də, “Açıq Mikrofon” vasitəsilə vətəndaşların fikirlərini küçə sorğuları şəklində sizinlə paylaşmağı düşünürük.
Saytımızdan da gördüyünüz kimi, bu layihə Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyətinə Dəstək layihəsinin maliyyəsi ilə hazırlanıb. Burada yayımlanan məzmunə görə “Açıq Platforma” məsuliyyət daşıyır. Burada ifadə olunan fikirlər heç bir halda nə Avropa İttifaqının, nə də Açıq Platformanın rəsmi mövqeyi kimi qəbul edilə bilməz.